İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi: "Azərbaycanda əksər ölkələrlə müqayisədə əlavə dəyər vergisinin qeydiyyat həddi xeyli yüksəkdır. Digər ölkələrdə bu hədd 60 min manatdan 118 minə, 180 min manata qədər dəyişir. Azərbaycanda 200 min manat həddində müəyyən edilib. Nağdsız əməliyyatlara münasibətdə isə daha yüksəkdir."

“Əslində iqtisadi inkişaf təkcə qəbul olunan qərarların özü ilə deyil, eyni zamanda bu qərarların nə qədər düzgün, çevik və zamanında olmasından asılıdır. Bu gün vergi orqanları yalnız büdcə gəlirlərinin təminatçısı kimi deyil, eyni zamanda iqtisadi inkişafın fəal iştirakçısı kimi çıxış edir. Dövlət büdcəsinin formalaşması, sahibkarlıq mühitinin dəstəklənməsi və iqtisadi aktivliyin təşviqi istiqamətində vergi xidmətinin rolu hər keçən gün daha da artmaqdadır”.

vergiler.az xəbər verir ki, bu fikri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Bakıda keçirilən "Vergi və mühasibatlıq zirvəsi" adlı tədbirdə səsləndirib. Bildirib ki, 2025-ci ildə Dövlət Vergi Xidmətinin təmin etdiyi fiskal daxilolmaların həcmi 24,2 milyard manat olub ki, bu da ölkə üzrə ümumi fiskal yığımların 79,1 faizini təşkil edir. 2025-ci ildə cəmi daxilolmaların proqnoza nisbəti 105,5 faiz olub. Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 102,9 faiz təşkil edib. Ümumilikdə, dövlət büdcəsinə 16,4 milyard manat həcmində vergi daxilolması təmin edilib ki, bunun da tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 12 milyard manatın üzərində olub.

“Əsas göstəricilərə nəzər saldıqda aktiv vergi ödəyicilərinin sayında artım müşahidə olunub: 6,5 faiz. Eyni zamanda, əlavə dəyər vergisi ödəyicilərinin sayında 10,6 faiz artım qeydə alınıb. Aktiv obyektlərin sayında da 7 faiz ətrafında artım müşahidə edirik. Əlbəttə ki, müsbət dinamikalar yalnız inzibati nəzarət tədbirlərinin deyil, həmçinin həyata keçirilən islahatların müsbət nəticələridir”, - deyə N.İmanov vurğulayıb.

Baş idarə rəisi son illərdə vergi orqanlarının yalnız tənzimləyici deyil, eyni zamanda tərəfdaş yanaşma ilə çıxış etdiyini bildirib. O, 2021-ci ildən etibarən sahibkarlar assosiasiyaları ilə daha ixtisaslaşmış şəkildə görüşlərin keçirildiyini, onların verdiyi 114 təklifin artıq qanunvericilik çərçivəsində öz həllini tapdığını qeyd edib: “Qanunvericilikdə dəyişiklik aparılanadək sahibkarlarla keçirilən görüşlər zamanı onların ehtiyaclarının öyrənilməsinə hədəflənmişik. Qanunvericilikdə edilmiş dəyişikliklər məhz sahibkarlığın ehtiyacları üzərində qurulub. Məlum olduğu kimi, ötən il Vergi Məcəlləsində dəyişikliklər həyata keçirildi və bu dəyişikliklər 3 istiqaməti əhatə edir. Əsas məqsəd isə məhz investisiya, sahibkarlığın dəstəklənməsi və əlverişli vergi mühitinin yaranmasına hesablanıb”.

N.İmanov ötən müddət ərzində bəzi məlumatların ictimaiyyətdə düzgün anlaşılmaması kimi halların müşahidə edildiyini də bildirib. Vurğulayıb ki, qanunvericilikdə edilmiş dəyişikliyin əsas məqsədlərindən biri də əlverişli vergi mühitinin yaradılmasıdır: “Bunlardan birincisi, muzdlu gəlirlər üzrə tətbiq edilən dəyişikliklərlə bağlı olub. Belə bir təəssürat yaranmışdı ki, artıq gəlirlərdən daha yuxarı dərəcələrlə vergi tutulacaq. Ancaq əslində heç də belə deyil. Məlum olduğu kimi, 2019-cu ildən etibarən əmək münasibətləri sahəsində geniş, əhatəli islahatlar həyata keçirilib və bunun nəticəsində ilk dəfə özəl sektorda əmək müqavilələrinin sayı 38 faizdən 54 faizə qalxıb. Əmək müqavilələrinin sayı ilk dəfə 1 milyonu ötüb və ötən bu müddət ərzində məhz sahibkarların ağartdığı rəqəmlər, yəni əmək münasibətləri, eyni zamanda yeni yaranan iş yerlərinin hesabına əmək müqavilələri 493 mindən çox artıb. Bunun da böyük əksəriyyəti, yəni 90 faizdən çoxu məhz özəl sektorun payına düşür. Əlbəttə, bu islahat müsbət nəticəsini verdi və müddət bitdikdən sonra, bildiyiniz kimi, 14 faiz və 25 faiz olmaqla vergiyə cəlbetmə halı baş verməliydi. Lakin islahatların müsbət nəticələrinin qorunub saxlanması və inkişaf etdirilməsi əsas hədəf kimi nəzərdə tutuldu. Bu baxımdan da yumşaq, mərhələli və aşağı dərəcəli vergi rejimi tətbiq edildi. Beləliklə də biz, əslində, vergilərin dərəcəsində artım deyil, vergilər üzrə daha optimal vergi yükünün müəyyən edilməsinin şahidi olduq”.

Digər yanlış təəssüratın kirayə gəlirləri ilə bağlı olduğunu deyən N.İmanov bu məqama da aydınlıq gətirib: “Sanki elə bir təəssürat yaranmışdı ki, bu günə qədər əldə edilən kirayə gəlirləri vergidən azad idi və artıq 10 faizlə vergiyə cəlb olunacaq. Əslində isə indiyədək əldə olunan gəlirlər 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilirdi, hazırda isə bu göstərici 10 faizə endirilib. Yəni burada əsas hədəf məhz verginin aşağı çəkilməsi idi ki, kirayə münasibətlərində leqallaşma müsbətə doğru davam etsin. Əlbəttə ki, bütün bunlar ilkin tədbirlərdir, sonrakı dövrlərdə də müsbət addımlar nəzərdə tutulur və bu istiqamətdə monitorinq, təhlillər aparılacaq”.

N.İmanov üfüqi monitorinqin tətbiq edilməsi məsələsinə də aydınlıq gətirib: “Üfüqi monitorinq könüllülük əsaslı bir seçimdir. Bu, vergi nəzarətinin bir formasıdır. Üfüqi monitorinqə qoşulmuş şəxslərin riskləri sığortalanır və həmin dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi baş vermir. Yəni iri və orta sahibkarlar müvafiq şərtlərə əməl edəcəkləri təqdirdə, onların vergi riskləri tamamilə sığortalanmış olur. Monitorinqə qoşulmuş vergi ödəyiciləri öz məlumatlarını tam açıqlayırsa, vergi orqanı kənarlaşmaları aşkar etsə də onlara maliyyə sanksiyası tətbiq etmir. Məlumatlar verilmədiyi halda isə vergi orqanı aşağı faiz dərəcəsi, yəni 25 faiz dərəcə ilə sanksiya tətbiq edir. Yəni buradakı əsas mesaj ondan ibarət idi ki, əsas məqsəd yeni vergi yoxlaması və ya vergi nəzarətinin tətbiqi deyil, məhz horizontal müstəvidə münasibətlərin tənzimlənməsi və vergi ödəyicilərinin risklərinin sığortalanmasıdır”.

Növbəti bir məsələ əlavə dəyər vergisinin qeydiyyat həddi ilə bağlı olub. N.İmanov bu məqama da aydınlıq gətirərək bildirib ki, bununla bağlı dəyişiklik “kölgə iqtisadiyyatı”nın azaldılmasına yönəlib: “İctimaiyyətdə belə bir təsəvvür yaranıb ki, əlavə dəyər vergisinin qeydiyyat həddi 200 min manatdan 400 min manata qaldırılır. Əslində isə məqsəd qeydiyyat həddinin yüksəldilməsi deyil, nağdsız əməliyyatların dairəsinin genişləndirilməsi, kölgədə qalan dövriyyələrin leqallaşdırılması ilə iqtisadi şəffaflığın artırılması idi. Məhz bu prosesdə iştirak edən, əməliyyatlarını nağdsız qaydada həyata keçirən şəxslərin əlavə dəyər vergisi üzrə qeydiyyat həddi iki dəfə azaldılır və 0,5 əmsal tətbiq edilir. Bununla da bu prosesdə iştirak edən vergi ödəyicilərinin, bir növ, yükünün azaldılması hədəflənirdi. Fürsətdən istifadə edərək, region və ətraf ölkələrin əlavə dəyər vergisi qeydiyyatının həddi barədə də məlumat vermək istərdim. Diqqət etsəniz, görəcəksiniz ki, Azərbaycanda əksər ölkələrlə müqayisədə əlavə dəyər vergisinin qeydiyyat həddi xeyli yüksəkdır. Digər ölkələrdə bu hədd 60 min manatdan 118 minə, 180 min manata qədər dəyişir. Azərbaycanda 200 min manat həddində müəyyən edilib. Nağdsız əməliyyatlara münasibətdə isə daha yüksəkdir. Yəni müqayisədə Azərbaycanda tətbiq edilən vergi rejimi daha yumşaqdır”.

Fərqanə ALLAHVERDİQIZI